Dünyanın iki ən böyük səmavi dini olan İslamın və xristianlığın bir çox müştərək inancları var. Xristianlar da müsəlmanlar kimi Allahın mütləq varlığına, Onun əzəli və əbədi olmasına, bütün kainatı yoxdan yaratdığına və bütün maddəyə sonsuz qüdrəti ilə hakim olmasına inanırlar. Müsəlmanların və xristianların rədd etdikləri təfəkkür yanlışlıqları da eynidir: onların ateizmə, dinsizliyə, irqçiliyə, faşizmə və əxlaqi aşınmaya qarşı apardıqları məfkurə mübarizəsində və yaxud Allahın mövcudluğunu təbliğ etmək məsələsindəki səylərində çox böyük oxşarlıqlar var. Bu dinlərin ikisinin də ortaq məqsədi bütün insanların Allahı tanıyacaqları, sülh, əmin-amanlıq və dinclik içində yaşayacaqları ədalətli bir dünya qurmaqdan ibarətdir. Hər iki dinə mənsub olan möminlər Allah qorxusu və Allah sevgisi ilə hərəkət edir, Allahın elçilərinin yolu ilə gedir və Onun vəhyinə tabe olurlar.
Xristianlarla müsəlmanlar əxlaqi dəyərlər baxımından da çox böyük harmoniya içindədirlər. Yalnız öz şəxsi mənfəətini güdən, sevgisiz, mərhəmətsiz, eqoist, mənfəətpərəst, dürüstlükdən uzaq olan insan modeli müsəlmanlar kimi xristianların da əsas götürdüyü din əxlaqına ziddir. Xristianlar da sevginin, dürüstlüyün, mərhəmətin, fədakarlığın, ədalətin, təvazökarlığın və qardaşlığın hakim olduğu bir dünyanın həsrətindədirlər və belə bir dünya qura bilmək üçün səy göstərirlər. Xristianlar da Rəbbimizin haram buyurduğu pozğunluq, fahişəlik, homoseksualizm, narkomaniya, vəhşilik, zorakılıq kimi əxlaqsızlıqların qarşısını almaq üçün mübarizə aparırlar.
Xristianlar və müsəlmanlar Allahın seçilmiş bəndəsi olan İsa Peyğəmbərə dərin bir sevgi bəsləyir və ona hörmət edirlər. İsa Peyğəmbər Allahın bizə Qur’an ayələri ilə tanıtdığı və aləmlərə üstün etdiyi mübarək bir elçidir. Qur’anda İsa Peyğəmbərin “…Dünyada və axirətdə şanı uca və (Allaha) yaxın olanlardan” (“Ali-İmran” surəsi, 45) olduğu bildirilir. O, Allahın müxtəlif möcüzələrlə və üstün əxlaqla şərəfləndirdiyi qiymətli bir bəndəsidir.
Bu kitabın yazılmasında məqsəd xristianlıqda (həqiqi xristianlıq ifadəsi ilə xristianlığın İsa Peyğəmbərə ilk vəhy edildiyi halı nəzərdə tutulur) olmayan, ancaq İsa Peyğəmbərin Allah dərgahına yüksəldilməsindən çox-çox sonralar ortaya çıxan “üçləmə” (“təslis”) etiqadının yanlışlığı məsələsi üzərində dayanmaqdır. Kitabda həm xristian mənbələrinin, həm də Qur’an ayələrinin işığında həqiqi xristianlığın tövhid inancını əsas götürən, muvahhid (Allahın təkliyinə iman gətirən) bir din olduğunu göstərəcəyik. Bundan başqa, İsa Peyğəmbərin “Allahın oğlu” (Allah bundan uzaqdır) olması fikri üzərində qurulan üçləmə etiqadının hansı səbəblərdən təşəkkül tapmasını araşdıracağıq. Sözügedən etiqad araşdırılarkən üçləməni müdafiə edən müxtəlif fikirlərə və əsas iddialara da bu kitabda yer veriləcəkdir. Ancaq bu etiqadın təfərrüatları üzərində dayanmazdan öncə sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin üçləmə inancını başa salmaq məqsədilə istifadə edəcəyimiz bütün ifadələrdən uzaq olduğunu bildirir və Onun müqəddəs peyğəmbəri olan İsa Peyğəmbərin bu cür dəyərləndirmədən uzaq olduğunu bildirmək istəyirik.
Qeyd: Müqəddəs Kitabın bu kitabda yer alan cümlələrindəki bəzi ifadələrdə dəyişikliklər edilmiş, “Ata” ifadəsi “Allah- Rəbb”, “Oğul” ifadəsi isə “peyğəmbər-elçi” şəklində yazılmışdır. İstifadə edilən əsərlərdə Allahın elçisi İsa Peyğəmbərin adının çəkildiyi hər yerə bu müqəddəs insana hörmət əlaməti olaraq “i” sözü əlavə edilmişdir.
Burada xüsusi vurğulanmalı olan digər vacib cəhət isə Allahın göndərdiyi bütün elçilərə və kitablara iman gətirən müsəlmanların həm xristianların, həm də yəhudilərin etiqad və dəyərlərinə hörmət bəsləməsi məsələsidir. Yəhudilərin müqəddəs kitabı olan Əhdi-Ətiqə daxil olan Tövrat və Zəburla xristianlığın müqəddəs kitabı olan Əhdi-Cədid (İncil) İslam dinində səmavi kitablar kimi qəbul edilir, bu dinlərə mənsub olanlar isə “Kitab əhli” (“Əhli-kitab”) adlandırılırlar. Rəbbimiz “Bəqərə” surəsində müsəlmanlara belə tərif verir:
“Onlar sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirirlər…” (“Bəqərə” surəsi, 4).
Ayələrdə bildirilən bu kitablar İbrahim Peyğəmbərin səhifələri, Musa Peyğəmbərə göndərilən Tövrat, Davud Peyğəmbərə verilən Zəbur və İsa Peyğəmbərə göndərilən İncildir. Allahın İbrahim Peyğəmbərə verdiyi səhifələr bu günə qədər gəlib çatmayıb. Digər kitablar isə zaman ötdükcə ilk vəhy edildikləri şəkildə qalmamış, bəzi adamlar tərəfindən müxtəlif səbəblərdən təhrif edilmişlər. Dolayısı ilə onların bəzi hissələrində Allahın haqq dinindən uzaq şərh və açıqlamalar var. Bununla belə Allaha və elçilərə iman, Allah sevgisi və Allah qorxusu, gözəl əxlaq və s. bu kimi Qur’an ayələrinə uyğun olan fəsillər də günümüzə qədər gəlib çatmışdır (ən doğrusunu Allah bilir). Allah bu kitabların onların göndərildiyi cəmiyyətlər və xalqlar üçün bir yolgöstərən və rəhbər olduqlarını bildirir. Rəbbimiz “Ali-İmran” surəsində “Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət etmək üçün…”
(“Ali-İmran” surəsi, 3-4) şəklində buyurur. Allah başqa bir ayədə isə Tövrat haqqında bunları bildirir:
“Şübhəsiz ki, Tövratı Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla hökm edərdilər. Onlar ona şahiddirlər…” (“Maidə” surəsi, 44).
Qur’anda bəzi yəhudi din adamları haqqında belə buyrulur: “Onlar sözlərin yerini sonradan dəyişib təhrif edirlər…” (“Maidə” surəsi, 41). Allah başqa bir ayədə isə bə- zi yəhudilərin “Onlar kitabı öz əlləri ilə yazıb, sonra bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!”” (“Bəqərə” surəsi, 79) dediklərini bildirir. Yəni onlar Rəbbimizin Musa Peyğəmbərə vəhy etdiyi müqəddəs kitabı təhrif ediblər. Xristianlar isə üçləmə (təslis) inancı ilə çox böyük yanlışlığa düşüblər (“Nisa” surəsi, 171).
Allah Qur’anda Kitab əhli haqqında çox əhəmiyyətli məlumatlar verir. Bunlardan bir qismi Kitab əhlindən olan bəzi adamların etiqadi və ya əxlaqi səhvləridir. Amma bunlar bütün Kitab əhlinin qəflətdə olması və səhv etməsi mənasına gəlmir. Ayələrdə yəhudilərlə xristianlar arasında səmimi dindar adamların olduğu da xəbər verilir:
“Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyi tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!” (“Ali-İmran” surəsi, 113- 115). “Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha boyun əyərək Allaha, sizə və özlərinə nazil olanlara inanır, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Doğrudan da, Allah tezliklə haqq-hesab çəkəndir” (“Ali-İmran” surəsi, 199).
Nümunəvi müsəlmanlar bütün həyatları boyunca Qur’an ayələrinə əsasən yaşayırlar. Onların dəyər ölçüləri, əxlaqi xüsusiyyətləri, həyata və insanlara münasibəti tamamilə Allahın Qur’an ayələri ilə müəyyən etdiyi şəkildədir. Müsəlmanların Kitab əhlinə münasibəti də eyni şəkildədir, yəni onlara həmişə xoş niyyətlə, ədalətlə, sevgi ilə yanaşmağı əsas məqsəd sayırlar. Buna görə də onları “qarşı tərəf” kimi deyil, Allaha bağlı olan etiqadlı insanlar kimi qəbul edirlər. Bunun əksi Qur’an əxlaqına zidd bir davranış olacaq. Kitab əhli arasında da Allaha səmimi şəkildə iman gətirən və dolayısı ilə qurtulacağı güman edilən çoxlu sayda insanın ola biləcəyi yaddan çıxarılmamalıdır. Dolayısı ilə bu kitabda verəcəyimiz bütün xatırlatmalar həmin məqsədlə yazılmış və Allahın əksər Qur’an ayələrində bildirdiyi “yaxşılığı əmr edər, pisliklərdən çəkindirər” əmrinin tələblərini yerinə yetirmək əsas məqsəd kimi qəbul edilmişdir. Məqsədimiz üçləmə inancının yanlışlığını göstərmək və sağlam düşüncəli xristianların həqiqəti anlamasına yardımçı olmaqdır. Niyyətimiz budur ki, vicdanlı xristianlar bu səhvi dərk etsin və tövhid etiqadına uyğun olmayan bütün səhv inanclardan tamamilə əl çəksinlər.
XRİSTİANLARIN ÜÇLƏMƏ SƏHVLƏRİ
Allah bəşər tarixi boyunca insanlara düzgün yol göstərmək və yanlış həyat tərzlərini onlara bildirmək üçün peyğəmbərlər göndərmişdir. Hər peyğəmbər göndərildiyi cəmiyyəti hidayət yoluna dəvət etmiş, Rəbbimizdən aldığı vəhyi öz camaatına, xalqına çatdırmışdır. Hər dinin hökmlərində, ibadətlərində və onların tətbiq olunma formalarında bəzi fərqlər olsa da bütün peyğəmbərlərin həyata keçirdiyi təbliğin əsası eyni tövhid inancıdır. Tövhid “Allaha bir və tək tanrı olaraq iman gətirmək” deməkdir. Tövhid etiqadına inanan bir adam yeganə güc və qüdrət sahibinin aləmlərin Rəbbi olan Allah olduğunu bilir, bütün insanların Allaha möhtac olan aciz bəndələr olduğunu və bütün varlıqların Allaha boyun əydiklərini dərk edir. Başqa sözlə, İslam dinindən başqa iki böyük haqq din olan yəhudilik və xristianlıq özlərinin təhrif olunmamış halları ilə heç bir varlığı Allaha şərik qoşmamaq əsası üzərində qurulmuşdur.
Allahın varlığına və birliyinə inanan hər üç səmavi dinin mənsubları da əslində Rəbbimizin İbrahim Peyğəmbərə göndərdiyi haqq dinə tabe olurlar. Qur’anda İbrahim Peyğəmbərin dininin “hənif” din olduğu bildirilmiş və Peyğəmbərimizə bu dinə tabe olması əmr edilmişdir:
“Sonra sənə: “Hənif (muvahhid) olaraq müşriklərdən olmayan İbrahimin dininə tabe ol!” - deyə vəhy etdik” (“Nəhl” surəsi, 123).
“Hənif” kəlməsi “yalnız Allaha inanıb yalnız Ona qulluq edən adam” mənasına gəlir. İbrahim Peyğəmbərin hənif kimi qeyd edilən xüsusiyyəti onun yalnız Allaha bir və tək tanrı olaraq iman gətirməsi və Ona təslim olmasıdır. O, bütpərəst olan tayfasının batil etiqadlarından uzaqlaşmış, yalnız Allaha üz tutmuş hənif bir bəndə idi. Qövmünə də bütpərəst inanclarından əl çəkmələri, bütlərə ibadət etməkdən uzaqlaşmaları ilə bağlı xəbərdarlıq etmişdi (ətraflı məlumat üçün Harun Yəhyanın “İbrahim Peyğəmbər və Lut Peyğəmbər” adlı kitabına müraciət edə bilərsiniz).
Allahın İbrahim Peyğəmbərə vəhy etdiyi haqq din onun nəslindən gələn saleh möminlər tərəfindən qüvvədə saxlanılmışdır:
“Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. Rəbbi İbrahimə: “Təslim ol!” - dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!” - deyə cavab vermişdi. İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib dedi: “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!” Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” - deyə oğlanlarından soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)” -dedilər” (“Bəqərə” surəsi, 130-133).
Buradan da aydın olduğu kimi, İbrahim Peyğəmbərin hənif dini yəhudilər, xristianlar və müsəlmanlar arasında müştərək bir dindir. Yəhudilər İbrahim Peyğəmbəri bütün yəhudilərin peyğəmbəri kimi qəbul edir və İbrahim Peyğəmbərin yolunu davam etdirdiklərini söyləyirlər. Xristianlar da İbrahim Peyğəmbərin yəhudilərin olduğu kimi özlərinin də peyğəmbəri olduğunu qəbul edirlər. İbrahim Peyğəmbərə iman gətirmək, ona sevgi bəsləmək və hörmət etmək yəhudilər və xristianlar kimi müsəlmanlar üçün də əhəmiyyətlidir. Rəbbimiz “Nisa” surəsində belə buyurur:
“Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, hənif olan İbrahimin dininə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur!” (“Nisa” surəsi, 125).
Rəbbimizin Qur’anda əmr etdiyi kimi, müsəlmanlar bütün peyğəmbərlərə “göndərilənlərə heç birini digərindən ayırmadan” iman gətirərlər:
“Belə deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha olanlarıq!”” (“Bəqərə” surəsi, 136).
Ancaq unutmaq olmaz ki, Allaha olan coşğulu imanı, dərin sevgisi, Rəbbimizin bütün əmrlərinə könüldən boyun əyməsi, itaəti və üstün əxlaqı ilə bütün möminlərə nümunə olan İbrahim Peyğəmbərə ən yaxın olanlar əlbəttə ki, onun əxlaqını yaşayanlar və tövhid yolunu davam etdirənlərdir. Rəbbimiz Qur’anda belə buyurur:
“Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!” (“Ali-İmran” surəsi, 68).
Dolayısı ilə Allaha könüldən iman gətirən xristian və yəhudilərin də İbrahim Peyğəmbər və ona tabe olan möminlər kimi yalnız Allaha üz tutmaları, İbrahim Peyğəmbərin göstərdiyi gözəl əxlaqı, səmimiyyəti və dərin imanı nümunə götürmələri lazım gəlir. Onlar da İbrahim Peyğəmbərin hənif dininə tabe olan muvahhidlər kimi Allahın birliyinə iman gətirən və Ona heç bir şeyi şərik qoşmayan səmimi bəndələr olmalıdırlar. Amma xristianlıq hal-hazırda üçləmə inancı ucbatından bu tərifdən uzaqlaşmışdır. Xristianlıq İsa Peyğəmbərin Allahın dərgahına yüksəldilməsindən sonra ortaya atılan üçləmə inancı səbəbi ilə səhv yola girib və tövhid inancı dəyişdirilərək fərqli bir inam meydana gətirilib.
Üçləmə yanlışlığı xristianlar üçün nə deməkdir?
Xristianlıq Fələstində yaşayan yəhudilərin arasında ortaya çıxdı. İsa Peyğəmbərin ətrafındakı adamların və ona inanan insanların böyük əksəriyyəti yəhudi idi. Onlar Musa Peyğəmbərin şəriətinə görə yaşayırdılar. Yəhudiliyin əsas xüsusiyyəti isə bir və tək olan Allaha iman gətirmək idi.
Amma sonrakı fəsillərdən daha müfəssəl görəcəyimiz kimi, xristianlıq İsa Peyğəmbərin Allah dərgahına yüksəldilməsindən və yəhudilərin dünyasından çıxıb bütpərəst dünyaya tərəf yayılmasından sonra dəyişməyə başladı. Musa Peyğəmbərin şəriətinin əsası olan tövhid etiqadı böyük bir dəyişikliyə məruz qaldı. İsa Peyğəmbər üçləmə etiqadı ucbatından bir tanrı kimi qəbul edilməyə başlandı.
Qeyd: Bu fəsildə üçləmə inancını tərif etmək məqsədilə istifadə edəcəyimiz bütün batil ifadələrdən Allaha sığınırıq.
Üçləmə inancı bundan sonra ortaya çıxdı. Bu anlayışdan “Ata, Oğul və Müqəddəs Ruh”dan törəmiş üçlü tanrı inancı mənasında istifadə edilir. Üçləmə ənənəvi xristianlığın əsas imani şərtlərindən biridir. Sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə bir və tək olaraq iman gətirməyi əsas götürən tövhid inancı ilə kəskin ziddiyyət təşkil edən bu yanlış etiqadı aşağıdakı şəkillərdə tərif etmək mümkündür:
Təslis etiqadına görə, Allah “üçlü birlik” anlayışı ilə Özünü üç formada göstərmişdir və “Ata, Oğul və Müqəddəs Ruh” eyni şeydir. Bu inanc bu cümlələrlə xülasə edilir: “Ata, Oğul, Müqəddəs Ruh elə tək olan tanrının Özüdür”, “Tanrı “Ata, Oğul, və Müqəddəs Ruh” şəklindədir”… Ağıla və məntiqə zidd olan bu səhv etiqada görə, üçləmədəki üç şəxsin hər biri Allahdır, dolayısı ilə onların hər biri eyni gücə və səlahiyyətə malikdir (bu fikirdən Allaha sığınırıq).
İsa Peyğəmbərin sözdə “Allahın oğlu” olduğuna inanırlar. Bu yanlış inanca görə, İsa Peyğəmbər Allahla eyni xüsusiyyətə malikdir. Bu etiqadı “homoousnius” adlandırır və onu “Ata ilə Oğul eyni əsasdan, cövhərdən ibarətdir” şəklində xülasə edirlər.
İsa Peyğəmbərin yaradılmadığına, “Allahın oğlu” kimi sonsuzluqdan gəldiyinə inanırlar. Bu yanlış inama görə, İsa Peyğəmbər insanların xilası üçün göydən yerə enmiş, ətə-qana dolub, yəni bədən (cism) şəklinə düşüb insan olmuşdur. Bu inanca da inkarnasiya deyilir. Üçləmə inancı sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə batil bir anlayışla baxan, Allahın insanlara peyğəmbər kimi göndərdiyi İsa Peyğəmbərə tanrılıq statusu verən yanlış bir inancdır. Amma üçləmə özündə bir çox ziddiyyətləri daşımasına və tövhidə tamamilə zidd olmasına baxmayaraq xristianlıqda çox böyük və əhəmiyyətli bir yer tutur. Üçləməyə, yəni İsa Peyğəmbərin Allahın oğlu olduğuna inanmayan bir adam üçləmə tərəfdarları tərəfindən həqiqi xristian kimi qəbul edilmir.
Burada qəribə və diqqətçəkici bir məsələ də tarix boyunca üçləməyə qarşı çıxıb İsa Peyğəmbərin Allahın yalnız bir peyğəmbəri olan bir bəşər olması fikrini müdafiə edən müxtəlif şəxs və icmaların şiddətli təzyiq və basqılara məruz qalmalarıdır. Bu adamların İncildən və İsa Peyğəmbərin həyatından gətirdikləri dəlillər həmişə qulaqardına vurulmuş və bu məsələ haqqında danışmaq qadağan edilmişdi. Sonrakı fəsillərdə daha ətraflı şəkildə araşdıracağımız həmin tövhid etiqadında olanlar İsa Peyğəmbərin “Allahın oğlu” olduğunu söyləyənlərə şiddətlə qarşı çıxmış, bunun açıq-aşkar “Allaha şirk qoşmaq” olduğunu söyləmişlər. Buna görə də həmin adamlar əsrlər boyunca “kafir”, “azğın”, hətta “din düşməni” kimi tanıdılmış, onlara dəstək verənlər də eyni aqibət və təzyiqlərlə üzləşmişlər. Onların bəziləri yaşadıqları yerlərdən sürgün edilmiş, bəziləri də inkvizisiya məhkəmələri tərəfindən yandırılaraq öldürülmüş və ya edam edilmişlər. Bu cür şiddətli təzyiqlər üçləmə əleyhdarlarının sayının artmasının və onların öz fikirlərini yaymasının qarşısını ala bilməmişdir. Ancaq üçləmə tərəfdarları həmişə əksəriyyət təşkil etmişlər.
Məsələni bitərəf mövqedən araşdıranlar da həqiqi xristianlığın tarix boyunca təzyiqlərə məruz qalan muvahhid (tövhidə inanan) xristianlıq olduğunu müəyyən və təsbit edirlər. Xüsusilə də XVIII əsrdə başlayan bitərəf Müqəddəs Kitab araşdırmalarının əksəriyyətində üçləmə, kəffarə və buna oxşar etiqadların xristianlığın müqəddəs kitablarında mövcud olmaması nəticəsi əldə edilib.
Bu tarixi dəlillərin də təsiri ucbatındandır ki, hazırda bəzi xristian məzhəbləri üçləməni rədd edirlər. Məsələn, dünyanın hər bir tərəfində kilsələri olan Uniteryen kilsəsi üçləmə inancını qəbul etməyən çox böyük xristian icmasıdır. Bu cür icmalar, -onların öz aralarında müxtəlif fikir ayrılıqları olsa da- İsa Peyğəmbərin “Allahın oğlu” olduğunu qəbul etmir, həqiqi xristianlığın bir və tək olaraq Allaha iman gətirməyi əmr etdiyini söyləyirlər. Onların əksəriyyəti İsa Peyğəmbərin bütün insanların günahlarına kəffarə kimi çarmıxa çəkildiyinə dair iddianın yanlışlığını vurğulayır. Hal-hazırda üçləmə əleyhdarı olan xristianlara fərqli adlar altında və fərqli kilsələr şəklində rast gəlmək mümkündür. Xüsusi- lə də Amerikada üçləmə əleyhdarları gündən-günə daha da güclənir və xristian dünyasında həqiqətləri aydın şəkildə dilə gətirənlərin sayı daha da çoxalır. Bunların arasında “The Worldwide Church of God” diqqəti xüsusilə cəlb edir. Bu kilsənin qurucusu Herbert U.Armstronq üçləmə inancının bütpərəst mədəniyyətlərin təsiri ilə ortaya çıxan batil bir etiqad olması fikrini müdafiə edir.
Digər tərəfdən, bəzi xristian kilsələri arasında üçləmə əleyhinə bir sıra fikirlərin ortaya çıxması, ancaq onların səsinin batırılması faktı da bir həqiqətdir. Məsələn, Şimali Amerikada XIX əsrdə ortaya çıxan və İsa Peyğəmbərin qayıdışının çox yaxın olduğuna diqqət çəkən “Seventh Day Adventist” (“Yeddinci günün adventistləri”) hərəkatının qurucuları “ariusçu” əsasda fəaliyyət göstərib və üçləməni rədd ediblər (Sonrakı səhifələrdə də qeyd edəcəyimiz kimi, Arius üçləmə inancını və İsa Peyğəmbərin adına çıxılmış tanrılıq iddiasını rədd edən, III əsrdə yaşamış əhəmiyyətli bir xristian din adamıdır). Ancaq başqa xristian kilsələrinin “Seventh Day Adventist” məzhəbini “xristianlıqdan kənara çıxmaqda” günahlandırması “ariusçu inancın” tərk edilməsinə və bunun yerinə üçləmə etiqadının qəbul edilməsinə səbəb olub. Bu inanc haqqında bəhs edilən kilsənin mənsubları tərəfindən də qəbul edilir.1
Bu məsələdə ən çox diqqət yetirilməli olan məqamlardan biri üçləmə inancına Müqəddəs Kitabın heç bir yerində rast gəlinməməsidir. Bu inanc nə yəhudilərin müqəddəs kitabları olan Əhdi-Ətiqdə, nə də xristianların müqəddəs kitabları olan İncildə mövcud deyil. Üçləmə inancı İncildəki bəzi ifadələrin yanlış şərhinə əsaslanır. Bu ifadə ilk dəfə II əsrin axırlarında Antakyalı Teofilus (Theophilus) tərəfindən istifadə edilib. Bu inancın qəbul edilməsi isə daha sonralar baş verib. Buna görə də Müqəddəs Kitabın tədqiqatçıları və üçləməyə qarşı çıxanlar xüsusilə “Əgər bu inanc həqiqətən də düz olsaydı, İsa Peyğəmbərin bu məsələni bütün təfərrüatı ilə insanlara çatdırması lazım gəlməzdimi? Üçləmə inancının Müqəddəs Kitabda aydın şəkildə, açıq ifadələrlə yer alması lazım gəlməzdimi?” sualları üzərində dayanırlar. Onların bu suallara cavabları isə aydındır: İncildə bütün açıqlığı ilə mövcud olmayan, dolayısı ilə ilk xristianlar üçün naməlum olan bir inanc xristianlığın əsası ola bilməz. Bu, İsa Peyğəmbərdən sonra yunan mədəniyyətinin təsiri ilə ortaya çıxan bir səhvdir.

