Tövhid etiqadını insanlara təbliğ edən bütün peyğəmbərlər özlərinin üstün əxlaqı və səmimi imanları ilə çox mübarək şəxslər olub. Allah “Nəhl” surəsində Öz elçilərini yaşadıqları cəmiyyətlərdə tövhid etiqadını təbliğ etmək üçün vəzifələndirdiyini belə bildirir:
“Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! - deyə elçi göndərdik…” (“Nəhl” surəsi, 36).
Amma tövhid etiqadı peyğəmbərlərdən sonra zaman ötdükcə insanlar tərəfindən təhrif edilərək dəyişdirildi. Hər təhrifdən və əxlaqi tənəzzüldən sonra Allah həmin cəmiyyətlərə Onun ayələrini oxuyacaq və insanlara axirət gününü xatırladacaq yeni bir elçi göndərmiş, insanları yenidən tövhiddə birləşdirmişdir. İsa Peyğəmbər da Musa Peyğəmbərin gətirdiyi vəhyin təhrif edilməsindən sonra insanları Allahın birliyinə çağırmaq, Ondan başqa tanrı olmadığını təbliğ etmək üçün göndərilmişdi. O, Musa Peyğəmbərin gətirdiyi haqq dini aşındırıb dəyişdirən İsrail oğullarını öz lovğa ənənələrindən uzaqlaşaraq batil etiqadlarından əl çəkməyə və yalnız Allaha təslim olmağa çağırmışdı. İsa Peyğəmbərin İsrail oğullarına təbliği ayələrdə belə xəbər verilir:
“İsa aşkar möcüzələrlə gəldiyi zaman dedi: “Həqiqətən, mən sizə hikmətlə, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin! Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur”” (“Zuxruf” surəsi, 63- 64). “Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!” (“Ali-İmran” surəsi, 50-51).
İsa Peyğəmbər özünün təbliğat aparmaq vəzifəsini yerinə yetirməyə başlayanda Musa Peyğəmbərin hökmlərindən uzaqlaşan yəhudi din adamları öz şərhləri ilə yeni haramlar və halallar müəyyənləşdirib ortaya atmışdılar. Onlar formal, yalançı, lovğa, batil və maddiyyatçı bir din meydana gətirmişdilər. Belə ki, Allahın Rəsulu İsa Peyğəmbər insanları iman gətirməyə və batil ənənələrini tərk etməyə çağıranda ona təhqiramiz sözlərlə və düşməncəsinə cavab verdilər:
“Məryəm oğlu misal çəkilincə sənin qövmün sevincdən güldü. Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o?!” Onlar bunu sənə yalnız mübahisə etmək xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən bir qövmdürlər!” (“Zuxruf” surəsi, 57-58).
Amma əngəllərin artmasına baxmayaraq xüsusilə də kasıb camaat arasında İsa Peyğəmbərə inananların sayı sürətlə çoxalmağa başlamışdı. Roma imperatorluğunun qəddar və zülmkar rəhbərləri ilə bəzi yəhudi din adamları İsa Peyğəmbərin və onun apardığı təbliğatın qarşısını almaq məqsədilə hiylə qurdular və axırda İsa Peyğəmbəri çarmıxa çəkərək öldürməyə qərar verdilər. Rəbbimizin onların bu səylərinə verdiyi cavab Qur’anda belə bildirilir:
“Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah hiyləgərlərdən tədbirlidir” (“Ali- İmran” surəsi, 54).
Rəbbimiz İbrahim Peyğəmbəri atəşdən xilas etdiyi kimi İsa Peyğəmbəri da düşmənlərinin hiyləsindən qurtardı. Onu öldürmək istəyənlərin planlarını pozdu və onların bu müqəddəs insana zərər verməsinə mane oldu. Bu həqiqət ayələrdə belə qeyd edilir:
““Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, - dediklərinə görə, onlara belə cəza verdik. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməyiblər” (“Nisa” surəsi, 157).
Ayələrdə bildirilən həqiqət çox aşkardır. Yəhudilərin qızışdırması ilə İsa Peyğəmbəri öldürmək istəyənlər buna nail ola bilmədilər. Qur’anın digər ayələrində də xəbər verildiyi kimi, İsa Peyğəmbər ölməyib və o, Allah dərgahında diridir. Allahın Qur’anda İsa Peyğəmbərə qurulan hiylələrin pozulduğunu bildirməsi də İsa Peyğəmbərin Allahın dərgahında diri olduğunu göstərən mühüm dəlillərdən biridir. Tələ quraraq İsa Peyğəmbəri öldürmək istəyənlərin hiyləsini Rəbbimiz pozdu. Allahın peyğəmbərini öldürdükləri iddiasını ortaya atanların bu iddiaları sadəcə olaraq bir zənndən ibarətdir. Onlar İsa Peyğəmbəri çarmıxa çəkdiklərini güman edirlər, lakin onlar əslində başqa bir adamı çarmıxa çəkərək öldürüblər.
Ancaq İsa Peyğəmbərin Allah dərgahına yüksəldilməsindən sonra xristianlıq zaman keçdikcə üçləmə etiqadı ilə dəyişikliyə məruz qaldı. İsa Peyğəmbərin gətirdiyi muvahhid dinin xüsusiyyətlərini, onun dünyada olduğu müddət ərzində yaşadıqlarının bir qismini və Allah dərgahına yüksəldilməsini Peyğəmbərimiz Muhəmməd vasitəsilə bütün insanlara göndərilən və qiyamətə kimi öz qüvvəsində qalacaq Qur’andan öyrənə bilərik. Unutmaq olmaz ki, Qur’an buradakı sözlərin dəyişdirilməsinin mümkün olmadığı haqq bir Kitabdır. Allah Qur’anın bu xüsusiyyətini “Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamamdır. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, eşidəndir, biləndir!”
(“Ənam” surəsi, 115) ayəsi ilə bildirir.
Qur’anda İsa Peyğəmbərin Allahın oğlu (bu ifadədən Allaha sığınırıq) deyil, peyğəmbəri, bəndəsi olması ilə bağlı bir çox açıqlamalar var. Bu açıqlamaların bəziləri bunlardır.
Uca Rəbbimizin övladı yoxdur
Üçləmə etiqadının ən əsas məntiqi İsa Peyğəmbərin “Allahın oğlu” olması ilə bağlı iddiadır. Allahın sifətləri isə onların bu iddialarını tamamilə alt-üst edir. Aləmlərin Rəbbi olan Allah insanların heç nəyi bilmədən, cahilcəsinə və qeyriciddi şəkildə ortaya atdığı bu cür bənzətmələrdən, hər cür qüsur və nöqsanlardan uzaqdır. Bu həqiqət Qur’an ayələrində belə bildirilir:
“Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: “Ol!” -deyər, o da dərhal olar” (“Məryəm” surəsi, 35). ““Allah Özünə övlad götürdü!” - dedilər. Allah pak və müqəddəsdir. O, möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?” (“Yunus” surəsi, 68).
Rəbbimizin hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız “Ol!” deməsi kifayətdir. Göylərdə və yerdə nə varsa Onundur. Bütün varlıqlar Onun mülkü, Onun yaratdıqlarıdır. Hər şey Onun əmrinə boyun əyib, Onun sonsuz güc və qüdrətinə təslim olub:
“…Halbuki, göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar” (“Ali-İmran” surəsi, 83).
Allah bütün bu səbəblərin fövqündədir, çünki meydana gələn bütün hadisələri və bu hadisələrin baş vermə səbəblərini də yaradan Onun Özüdür. Dünyadakı hər şey müəyyən səbəblərə bağlı olaraq inkişaf edir. Doğulmaq, böyümək, öyrənmək və ya qocalmaq zaman və məkan kimi müəyyən səbəblərə bağlı şəkildə həyata keçir. İnsanlar zamana və məkana bağlı olaraq yaşayırlar. Halbuki Rəbbimiz zamanın və məkanın fövqündə dayanır, zamanı da, məkanı da O, yaradıb. Ata, oğul, övlad sahibi olmaq kimi insan həyatına xas məsələləri də Rəbbimiz var edib. Dolayısı ilə “Allah Özünə övlad götürdü!” (bu ifadədən Allaha sığınırıq) deyənlər Rəbbimizin bənzərsiz sifətlərini unudur və öz məhdud anlayışlarına uyğun olaraq düşünürlər. Halbuki bu dedikləri Allah dərgahında çox böyük yalandır. “Kəhf” surəsində belə bildirilir:
“O, həm də (Qur’anı): “Allah Özünə övlad götürdü!” -deyənləri qorxutmaq üçün nazil etdi. Bu barədə nə onların özlərinin, nə də atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar. Onlar ancaq yalan deyirlər!” (“Kəhf” surəsi, 4-5).
Rəbbimiz başqa bir ayədə isə belə buyurur: “Əgər Allah Özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini seçərdi. O, pak və müqəddəsdir! O, bir olan, qəhr edən (hər şeyə gücü yetən) Allahdır!” (“Zumər” surəsi, 4).
Sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin bu ayədə hər şeyi Öz istədiyi kimi yarada biləcəyi xəbər verilir. Allahın üçləmə etiqadını müdafiə edərək əsassız iddialarla çıxış edən adamlara verdiyi cavab başqa ayələrdə belə vurğulanır:
“Dedilər: “Allah övlad götürmüşdür”. Allah pak və müqəddəsdir. Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir! Göyləri və yeri yoxdan yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol!” - deyər, o da dərhal olar” (“Bəqərə” surəsi, 116-117). ““Rəhman Özünə övlad götürmüşdür” - dedilər. Siz, doğrudan da, olduqca pis bir şey etdiniz! Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun! Rəhmana övlad isnad etdiklərinə görə! Halbuki Rəhmana Özünə övlad götürmək yaraşmaz. Çünki göylərdə və yerdə olan bütün məxluqatdan eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin. And olsun ki, onları hesablamış və təkrar-təkrar saymışdır. Onların hamısı qiyamət günü onun hüzuruna gələcək” (“Məryəm” surəsi, 88-95).
Ayələrdə də bildirildiyi kimi, bu, “olduqca pis bir şey”dir. Göylərdə və yerdə olan hər şeyin sahibi olan Rəbbimiz bütün bu cür pis bənzətmələrdən uzaqdır.
Üçləmə etiqadını müdafiə edənlər İsa Peyğəmbərin Allahla eyni səlahiyyətlərə malik olması ilə bağlı çox azğın iddia da irəli sürürlər. Halbuki Rəbbimiz Qur’anda “…Mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir” (“Furqan” surəsi, 2) ayəsi ilə bu iddiaların mənasızlığını açıqlayır. Çünki O, bütün kainatın mütləq hakimidir, Onun heç bir şəriki və ya köməkçiyə ehtiyacı yoxdur. “İsra” surəsində belə buyrulur: “Və de: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif olmadığı üçün heç bir köməkçiyə ehtiyacı olmayan Allaha həmd olsun!” Və Allahı bütün eyb və nöqsanlardan uzaq bilib təqdis et şəninə təriflər de!” (“İsra” surəsi, 111).
Allah Peyğəmbərimiz Muhəmmədə bu iddia ilə ortaya çıxanlara belə deməsini vəhy edib:
“De: “Əgər Rəhmanın bir övladı olsa, ona ibadət edənlərin birincisi mən olardım!” (“Zuxruf” surəsi, 81).
Ayədə xəbər verilən bu cavab üçləmə etiqadını müdafiə edənlərin böyük bir yanlışlıq içində olduqlarını göstərir. Allah yuxarıdakı ayənin davamında bunları bildirir:
“Göylərin və yerin Rəbbi, ərşin Rəbbi olan Allah Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Qoy onlar vəd olunduqları günə qovuşana qədər qurşanaraq oynayıb əylənsinlər! Göydə də tanrı, yerdə də tanrı Odur. O, hikmət sahibidir, biləndir!” (“Zuxruf” surəsi, 82-84).
Ayənin açıq ifadəsindən də aydın olduğu kimi, Allah bu çirkin iddiaları ortaya atan adamların Onun qədrini lazımınca təqdir etmək qabiliyyətində olmadığına diqqəti cəlb edir, onları axirətin mövcudluğundan bixəbər olan və vaxtlarını qəflətdə keçirən insanlar kimi tanıdır.
Göydə və yerdə nə varsa hamısı Allahındır, bütün varlıqlar Ona möhtacdır
Əvvəl də qeyd etdiyimiz kimi, üçləmə etiqadında İsa Peyğəmbərin yaradıldığı qəbul edilmir, əksinə, onun Allahla eyni səlahiyyətlərə malik bir güc olduğu bildirilir. Halbuki bu düşüncə şəkli Rəbbimizin peyğəmbərlərə vəhy etdiyi tövhid etiqadının tamamilə əks tərəfində dayanan çirkin bir böhtandır. “Bəqərə” surəsində belə qeyd edilir:
“Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə vermişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!” (“Bəqərə” surəsi, 255).
Rəbbimiz yeganə haqq və hökm sahibidir. Bütün kainat, göylərdə və yerdə olan canlı-cansız hər şey: bütün insanlar, heyvanlar, bitkilər, əşyalar Allaha məxsusdur. Hamısını yaradan aləmlərin Rəbbi olan Uca Allahdır. Hər şey Onun əmri ilə hərəkət edir və öz mövcuduluğunu Onun istədiyi vaxta kimi davam etdirə bilər. Bütün canlı varlıqları yedirib-içirən, onlara göydən və yerdən ruzi verən, yeri yaşıllaşdıran, gecəni qaraldan, Günəşi parlaq bir işığa çevirən, fəsilləri yaradan Allahdır. Dünyanın yaradılışından etibarən yaşamış olan, dünyalarını dəyişən, hazırda yaşayan və dünyaya gələcək bütün insanları yaradan da Allahdır. Hər insan öz varlığına görə Allaha borcludur və hər şeyi ilə Ona möhtacdır. Allahın seçərək insanların Ona iman gətirməsi üçün elçilik vəzifəsi verdiyi peyğəmbərləri də Allahın yaratdığı bəndələrdir. Bütün peyğəmbərlər Onun əmri ilə hərəkət edən mübarək insanlardır. İsa Peyğəmbər da həmin elçilər kimi Allahın yaratdığı bir bəndədir. Şanı uca, seçilmiş, şərəfli, hörmətə layiq (“Ali-İmran” surəsi, 45) etdiyi dəyərli peyğəmbəridir. Belə ki, Allah İsa Peyğəmbər haqqında belə buyurur:
“İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və lovğalıq edənlərin hamısını Öz hüzuruna toplayacaqdır!” (“Nisa” surəsi, 172).
Ayədə də bildirildiyi kimi, İsa Peyğəmbər Allaha qulluq etmək vəzifəsini yerinə yetirməkdən ləzzət alan, Rəbbimizə təslim olan çox səmimi bir insandır. Onun tanrılıq iddiasında olması ilə bağlı bütün açıqlamalar sonradan “istehsal” edilən hədyan və sayıqlamalardır. Uca Rəbbimiz bütün yaradılanlar üzərində mütləq hakimiyyətə sahibdir. Ondan başqa hər şey yaradılmaq və öz varlığını davam etdirmək üçün yalnız Rəbbimizə möhtacdır.
Allah kainatı yoxdan yaradıb. Dünyadakı bütün canlılar doğulur və ölür. Hər şeyin müəyyən bir ömrü var. Kainatda yox olmayacaq heç bir əşya və ya ölümsüz olacaq heç bir canlı mövcud deyil. Halbuki Qur’anda bildirildiyi kimi, Allah əvvəldir, axırdır (“Hədid” surəsi, 3). Yəni Onun başlanğıcı olmadığı kimi sonu da yoxdur. Allah sonsuzluğun sahibi, zamanın və məkanın üstündə olandır. O, hər şeydən əvvəl də vardır, sonra da olacaqdır. Kainatın, canlıların, planetlərin, qalaktikaların və kainatın hələ yaradılmadığı anda da yalnız Allah var idi. Hər şey yox olandan sonra yenə də təkcə O, qalacaqdır. Ömrü və zamanı yaradan Allah maddəyə xas olan bütün xüsusiyyətlərdən uzaqdır.
Allah bu məfhum və anlayışları yaradıb və insanların zamana və məkana tabe olaraq yaşamasını məsləhət bilib. İnsan başına bir gün sonra, hətta bir saat sonra nələrin gələcəyini heç vaxt bilə bilməz. Allah isə bir işin olmasını hökm edəndə bir gün sonra, illər sonra və qiyamətə qədər həmin işin necə nəticələnəcəyini bilir və bu nəticələrin özünə də hakimdir. Dolayısı ilə Onun verdiyi hökm həmişə ən doğru, ən yaxşı və ən hikmətli olandır.
Kainatdakı bütün varlıqların bir sonu, bir axırı var. Bir insan anadan olur, yaşayır və bu dünyadakı məhdud ömrünün axırında qaçılmaz bir həqiqət olan ölümlə qarşılaşır. İnsanlar kimi bitkilər və heyvanlar aləminin yox olması da qaçılmazdır. Onlar da dünyaya gələndən bir müddət sonra bir-bir ölürlər. Canlı olan hər şey həyatını başa vurub axırda torpağın altına girəcək. Baqi olan Rəbbimiz isə Öz mütləq varlığını həmişə davam etdirəcək. Sonsuzluq yalnız Ona məxsusdur.
İnsan acizdir, o, həyatı boyunca müxtəlif qayğıya və köməyə möhtacdır. İnsanın həyatının böyük hissəsi onun öz bədəninə baxması, onu təmizləməsi, qidalanmasını və yuxusunu tənzimləməsi ilə keçir. Canlı-cansız bütün varlıqların və bütün kainatın yaradanı olan Allah isə Hayydır. O, həmişə diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilir, hər şeyə gücü çatandır, O, mürgüləməz və yatmaz, hər cür acizlikdən uzaqdır. Allah yaratdıqlarına müxtəlif acizliklər verib və yaradılanların özlərinin bu qüsurlarını dərk edib ancaq Ona üz tutaraq qulluq etmələrini, hər şeyi Ondan istəmələrini əmr edib. İnsanın üzərinə düşən vəzifə isə Allah istəmədiyi təqdirdə onun heç bir şeyə gücünün çatmayacağını, həyatını bircə saniyə də olsa davam etdirə bilməyəcəyini dərk edərək Rəbbimizə tərəf üz tutmasıdır. Allah Ondan başqa heç bir tanrının olmadığını Qur’an ayələrindəki hikmətli misallarla belə xəbər verir:
“Göylərdə və yerdə olan məxluqat Onundur. Onun dərgahında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan Rəbbini təqdis edib şəninə təriflər deyərlər. Yoxsa yerdən tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də fəsada uğrayardı. Ərşin sahibi olan Allah ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar isə sorğu-sual ediləcəklər. Yoxsa Ondan başqa tanrılar qəbul etdilər? De: “Dəlilinizi gətirin. Bu mənimlə olanların Kitabı, bu da məndən əvvəlkilərin kitabı! Xeyr, onların əksəriyyəti haqqı bilməz və buna görə də üz döndərər!”” (“Ənbiya” surəsi, 19-24). “Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar! Allah heç bir övlad gətirməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər və onların bir qismi digərinə üstün olmaqa çalışardı. Allah müşriklərin Ona aid etdikləri sifətlərdən tamamilə kənardır! O qeybi də, aşkarı da bilir. Allah onların Ona qoşduğu şəriklərdən çox ucadır!” (“Muminun” surəsi, 90-92).
İsa Peyğəmbər Rəbbimizə Onun bütün bu sifətləri ilə könüldən iman gətirən səmimi bir insandır. O, Allahın sonsuz güc sahibi olmasına iman gətirmiş, Ona heç bir şeyi şərik qoşmamışdı. Qur’anda İsa Peyğəmbərin Allahın qulu, bəndəsi olduğu belə bildirilir:
“İsa dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi” (“Məryəm” surəsi, 30).
Başqa bir ayədə isə İsa Peyğəmbərin da ölümlü olduğu, hər bir insan kimi onun da öldükdən sonra axirət günü yenidən dirildiləcəyi bildirilir:
“Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!” (“Məryəm” surəsi, 33).
Başqa insanlar və peyğəmbərlər kimi İsa Peyğəmbəri da Allah yaradıb, dünyada tövhid inamını çatdırmaq üçün ona möhlət verib. Sonra isə İsa Peyğəmbərə hiylə Qur’anların məkrli planlarını puça çıxararaq onu Öz dərgahına yüksəldib. İsa Peyğəmbər Allahın onun üçün müəyyən etdiyi vaxt gəlib çatanda təkrarən dünyaya gələcək və Allahın əmr etdiyi kimi elçilik vəzifəsini tamamlayacaq. Onun bütün taleyini - həyatı boyunca qarşısına çıxan hər şeyi, başına gələn hər bir hadisəni müəyyən edən və vaxtı gələndə bütün bunları həyata keçirən yeganə güc Allahdır. İsa Peyğəmbərin göstərdiyi bütün möcüzələri də yaradan məhz Allahdır. O, bunları özü deyil, Allahın mərhəməti ilə gerçəkləşdirib. İsa Peyğəmbər dünyadakı həyatı boyunca Allaha olan güclü imanını ifadə edib və insanları Allahın doğru yoluna çağırıb. İsa Peyğəmbərin insanları Allaha iman gətirməyə dəvət etməsi “Məryəm” surəsində belə bildirilir:
“Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!” (“Məryəm” surəsi, 36).
Yəhya Peyğəmbərin anadan olması da Allahın bir möcüzəsidir
Üçləmə etiqadının əsaslarından biri də İsa Peyğəmbərin həyatındakı möcüzələrdir. Həqiqətən də Rəbbimiz İsa Peyğəmbərə fövqəladə möcüzələr verərək ona böyük lütf göstərib. Bu müqəddəs şəxsin anadan olmasından Allah dərgahına yüksəldilməsinə qədər keçən həyatı möcüzələrlə doludur. Bunlardan biri də İsa Peyğəmbərin atasız dünyaya gəlməsidir. İsa Peyğəmbərin anadan olması həqiqətən də Rəbbimizdən gələn çox böyük möcüzədir. Cəbrailin Məryəmə insan şəklində görünməsi və ona Allahdan bir möcüzə göstərməsi Qur’an ayələrində müfəssəl şəkildə qeyd edilir. Məryəm ona heç bir insan toxunmadığı halda Allahın istəyinə uyğun olaraq İsa Peyğəmbərə hamilə qalıb. Onun hamiləliyi dünyadakı bütün səbəblərdən asılı olmadan, yəni möcüzəvi şəkildə baş verib:
“Məryəm dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” Cəbrail dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan olan bir mərhəmət kimi edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!” Məryəm artıq hamilə oldu və onunla birlikdə uzaq bir yerə çəkildi” (“Məryəm” surəsi, 20-22).
Ayədən də göründüyü kimi, İsa Peyğəmbər bizə məlum olan yaradılışdan fərqli şəkildə - atasız dünyaya gəlib. O, anadan olmamışdan əvvəl Allah bir çox xüsusiyyətlərini və onu insanlar üçün bir rəhmət şəklində göndərdiyini mələkləri vasitəsilə anası Məryəmə bildirib:
“Mən sənə ancaq təmiz bir oğlan bağışlamaq üçün Rəbbinin göndərdiyi elçisiyəm! Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan olan bir mərhəmət kimi edəcəyik…” (“Məryəm” surəsi, 18-21).
Bu möcüzəvi yaradılış üçləməni müdafiə edənlər üçün onların dəlillərindən birini təşkil edir. İsa Peyğəmbərin anadan olmasındakı fövqəladəlik aşkar bir həqiqətdir. Ancaq Qur’anda Yəhya Peyğəmbərin da yenə möcüzəvi bir şəkildə anadan olması xəbər verilir. Ona bir varis verməsi üçün Allaha dua edən Zəkəriyya Peyğəmbərin duaları ayələrdə belə bildirilir:
“Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır! Rəbbinə gizlicə dua edib yalvarıb belə demişdi: “Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. Mən özümdən sonra gələn qohum-əqrəbamdan qorxuram. Zövcəm də ki, qısırdır, Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki, o həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o razı qalınanlardan olsun!” (“Məryəm” surəsi, 2-6). “Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”” (“Ali-İmran” surəsi, 38).
Ayələrdə də qeyd edildiyi kimi, Zəkəriyya Peyğəmbərin təbii şərtlər daxilində övlad sahibi olması mümkün deyil. Amma o, ona bir köməkçi və varis verməsi üçün Rəbbimizə səmimi qəlbdən dua edib. Rəbbimizin bu qiymətli insanın duasına verdiyi cavab ayələrdə belə xəbər verilir:
“Allah buyurdu: “Ey Zəkəriyya! Biz səni adı Yəhya olan bir oğlun olacağı ilə müYdə veririk. Biz bu adı əvvəllər heç kəsə verməmişik!”” (“Məryəm” surəsi, 7). “O mehrabda namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, rəhbər, nəfsinə hakim və əməli salehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın xəbərini müYdə verir”” (“Ali-İmran” surəsi, 39).
Rəbbimiz Zəkəriyyə Peyğəmbəri adı Yəhya olan bir oğlan övladının olacağı ilə müYdələyib. Bu da İsa Peyğəmbərin anadan olması kimi möcüzəvi bir vəziyyətdir. Çünki həm yaşları etibarilə, həm də səhhətləri baxımından Zəkəriyya Peyğəmbərin və onun həyat yoldaşının övladlarının olması qeyri-mümkün görünür. Zəkəriyyə Peyğəmbər də bu müYdəni eşidəndə: “Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş ikən mənim necə oğlum ola bilər?” (“Məryəm” surəsi, 8) deyib. Ancaq bütün kainatı yoxdan yaradan Rəbbimiz hər şeyə gücü çatandır. O, sonsuz qüdrəti ilə istədiyi hər şeyə “Ol!” deyir və istədiyi hər şey dərhal olur. Allah belə bir yaratmaq gücünə sahibdir. Ayələrdə belə bildirilir: “Onun yanına gələn mələk: “Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən yaratmışdım!”” (“Məryəm” surəsi, 9). “Zəkəriyya: “Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır olduğu halda, mənim necə oğlum ola bilər?” - söylədi. Allah: “Dediyin kimidir, lakin Allah nə istəsə, onu da edər”, - deyə buyurdu” (“Ali- İmran” surəsi, 40).
İncildə də Yəhya Peyğəmbərin anadan olması ilə bağlı oxşar ifadələr mövcuddur:
“Rəbbin bir mələyi Zəkəriyyaya göründü və buxur qurbangahının sağında durdu. Zəkəriyya onu gördükdə çaşdı və onu qoxu bürüdü. Mələk isə ona dedi: “Qorxmu, Zəkəriyya, çünki sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq və onun adını Yəhya qoyacaqsan. Sevinc və səfa tapacaqsan. Və onun doğulmasına bir çoxları da sevinəcəklər. Çünki o, Rəbbin qarşısında böyük olacaq, şərab və başqa içki içməyəcək və hələ anasının bətnində ikən Müqəddəs Ruhla dolacaqdır. Və İsrail oğullarından bir çoxunu, onların Allahın olan Rəbbə tərəf döndərəcəkdir. Ataların ürəklərini uşaqlara, itaətsizləri salehlərin hikmətinə döndərmək və Rəbbə hazırlanmış bir xalq təşkil etmək üzrə İlyasın ruhu və qüdrətilə Rəbbin önündə yeriyəcəkdir”. Və Zəkəriyya mələyə dedi: “Mən bunu nədən bilim? Çünki mən qocayam, arvadım da çox yaşlıdır”” (“Luka İncili”, 1/11-18).
Rəbbimiz Öz dərgahından bir möcüzəsi ilə Zəkəriyya Peyğəmbərə Yəhya Peyğəmbəri bağışladı. Bu müqəddəs insana uşaq yaşlarından etibarən itaət etməyi sevdirdi, ona hikmət, sevgi və təmizlik bəxş etdi. Ayələrdə Yəhya Peyğəmbər haqqında bunlar bildirilir:
“…O, çox müttəqi idi. Ata-anasına qarşı da olduqca itaətkar idi: zalim, asi deyildi. Ona doğulduğu gündə, öləcəyi gündə, diriləcəyi gündə salam olsun!” (“Məryəm” surəsi, 13-15).
Ayələrdən də göründüyü kimi, Yəhya Peyğəmbərin anadan olması böyük möcüzədir. Allah dünyəvi səbəblərdən asılı olmadan Zəkəriyya Peyğəmbərə bir övlad hədiyyə etdi, duasını qəbul edərək ona Yəhya Peyğəmbərin varis etdi. Bu müYdəni Məryəmə olduğu kimi Zəkəriyya Peyğəmbərə də bir mələk vasitəsilə bildirdi. Zəkəriyya Peyğəmbərin xanımının hamilə qalması üçün lazım olan şərtlər də mövcud deyildi. Dolayısı ilə Məryəmin İsa Peyğəmbəri dünyaya gətirməsi ilə Yəhya Peyğəmbərin dünyaya gəlməsi arasında çox böyük oxşarlıqlar var. Bu isə üçləmə etiqadının əsaslarından daha birinin etibarsızlığını göstərir.
Adəm Peyğəmbərin torpaqdan yaradılması
Yəhya Peyğəmbərin və Adəm Peyğəmbərin anadan olmasının fövqəladəliyi İsa Peyğəmbərin möcüzəvi şəkildə dünyaya gəlməsindən üçləmə etiqadının əsaslarından biri kimi istifadə olunmasını qeyri-mümkün edən dəlillərdən biridir. Qur’an ayələrində Adəm Peyğəmbərin də möcüzəvi şəkildə yaradıldığı xəbər verilir. “Hicr” surəsində belə bildirilir:
“Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və dəyişib başqa şəklə düşmüş palçıqdan insan yaradacağam! Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”” (“Hicr” surəsi, 28-29).
Ayədə bildirilən həqiqət çox fövqəladə yaradılışa işarə edir. Adəm Peyğəmbər anası və atası olmadığı halda “quru və dəyişib başqa şəklə düşmüş palçıqdan” yaradılıb. Torpaqdan yaradılışla bağlı başqa ayələrdə belə bildirilir:
“Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa, yada salın ki, həqiqətən, Biz sizi torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək…” (“Həcc” surəsi, 5). “Sizi torpaqdan yaratması, sonra da sizin bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir” (“Rum” surəsi, 20). “Allah sizi torpaqdan, sonra bir damcı sudan (nütfədən) xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və doğmaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır” (“Fatir” surəsi, 11).
Qur’anda Adəm Peyğəmbər haqqında verilən başqa əhəmiyyətli məlumat isə İsa Peyğəmbərin yaradılışı ilə olan oxşarlıqdır:
“Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: “Ol!” - dedi, o da oldu. Şübhəsiz ki, bunlar Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!” (“Ali-İmran” surəsi, 59-60).
Yuxarıdakı ayədə Allah Adəm Peyğəmbərlə İsa Peyğəmbərin oxşar şəkildə yaradıldıqlarını bildirir. Əvvəl də qeyd etdiyimiz kimi, Adəm Peyğəmbər hər hansı bir atası olmadığı halda, yalnız Allahın “Ol” deməsi ilə torpaqdan yaradılıb. İsa Peyğəmbər da atası olmadığı halda Allahın “Ol!” əmri ilə yaradılıb. Eyni ayənin axırında isə insanlara bu həqiqətin Rəbbimizdən gəldiyi xəbər verilir və bu məsələdə şübhəyə qapılmamağın zəruriliyi vurğulanır. Dolayısı ilə bu böyük həqiqət dərk edilməli və İsa Peyğəmbərin da eynilə Adəm Peyğəmbər kimi Allahın yaratdığı bir bəndə, Allaha möhtac bir insan olduğu qəbul edilməlidir.
Qur’anda da bildirildiyi kimi, İsa Peyğəmbər bir bəşərdir
Rəbbimiz Qur’anın “Qəsəs” surəsində Peyğəmbərimizə özündən əvvəlki peyğəmbərlərin də bir bəşər olduqlarını bildirir:
“Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək dözə biləcəksinizmi? Sənin Rəbbin görəndir! Bizimlə qarşılacaqlarına inanmayanlar: “Bizə mələklər endirilməli, yaxud biz Rəbbimizi görməli idik!” - dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlaşıb həddi çox aşdılar” (“Furqan” surəsi, 20-21).
Başqa ayələrdə də Rəbbimiz belə buyurur:
“Biz səndən əvvəl də onlara vəhy etdiyimiz kişilərdən başqa elçi göndərmədik. Əgər bilmirsinizsə, kitab əhlindən soruşun! Biz onları yeməz-içməz bir bədən yaratmadıq. Onlar əbədi də deyillər. Sonra onlara verdiyimiz vədi yerinə yetirdik. Və istədiyimiz kəslərə nicat verdik, həddi aşanları isə məhv etdik” (“Ənbiya” surəsi, 7-9).
Qur’an ayələrində peyğəmbərlərin və İsa Peyğəmbərin bəşəri xüsusiyyətləri çoxsaylı misallarla bildirilib. Məryəm İsa Peyğəmbərə möcüzəvi şəkildə hamilə qalıb. Ancaq İsa Peyğəmbərin dünyaya gəlməsi mərhələləri, doğuş əsnasında anası Məryəmin yaşadıqları İsa Peyğəmbərin hər bir insan kimi eyni çətin mərhələlərdən keçərək dünyaya gəldiyini açıq şəkildə ortaya qoyur. Bu müddət ərzində baş verənlərin fərqli şəkildə şərh olunması və ya bundan fərqli mənası çıxarılması Allahın izni ilə mümkün deyil:
“Beləliklə hamilə oldu və onunla birlikdə uzaq bir yerə çəkildi. Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!” Dərhal alt tərəfindən ona belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun. Əgər bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!” Uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən çox əcaib bir şeylə gəldin! Ey Harunun bacısı! Atan pis kişi, anan da utanmaz deyildi!”” (“Məryəm” surəsi, 22-28).
İsa Peyğəmbəri Allah yaradıb və ona müxtəlif möcüzələrlə yardım edib. Onun ölüləri diriltmək, palçıqdan quş düzəldib ona can vermək, anadangəlmə koru və cüzamlı xəstəni sağaltmaq kimi göstərdiyi bəzi möcüzələr, həmçinin atasız dünyaya gəlməsi kimi özünün yaradılışı ilə bağlı fövqəladəliklər isə bizim dünya həyatında yaşadığımız və bağlı olduğumuz qaydalardan kənar hadisələrdir.
Rəbbimiz Qur’anın bir çox ayələrində peyğəmbərlərin göndərildikləri xalqlara göstərdiyi möcüzələrdən bəhs edib. Məsələn, Adəm Peyğəmbərin torpaqdan və atasız yaradılmasını, Saleh Peyğəmbər, İbrahim Peyğəmbər və Musa Peyğəmbər kimi peyğəmbərlər tərəfindən də insanlara çoxlu möcüzələr göstərildiyini xəbər verib. Musa Peyğəmbər sehrbazlarla rastlaşanda Rəbbimiz onun əsasını ilana döndərərək ona çox böyük möcüzə ilə kömək edib (“Taha” surəsi, 69). Həmçinin Fironun və onun əsgərlərinin təqib etməsi nəticəsində dəniz kənarına gələn Musa Peyğəmbər və İsrail oğulları dənizdə yol açılması ilə qarşı tərəfə keçə biliblər. Firon və ordusu isə suların altında qalıb (“Taha” surəsi, 77-78). Qur’an ayələrində də Peyğəmbərimizin çoxlu möcüzələri, qeybdən verdikləri xəbərlər bildirilir. Allah “İsra” surəsində Peyğəmbərimizi bir gecə Məscidi-Əqsaya apardığını və oranı göstərdiyini bildirir. Bu isə Rəbbimizdən çox böyük bir möcüzədir (“İsra” surəsi, 1). Haqqında bəhs edilən möcüzələrin baş verməsini təmin edən güc sahibi isə aləmlərin Rəbbi olan Allahdır. Bu möcüzələrin meydana gəlməsi Peyğəmbərimizə, Musa Peyğəmbərə və başqa peyğəmbərlərə tanrılıq məqamı verilməsi mənasına gəlmir (bu ifadədən Allaha sığınırıq). Çünki bu mübarək insanlar göstərdikləri möcüzələrin həmişə Allahın istəyi ilə həyata keçdiyini həmişə biliblər. “Maidə” surəsində də İsa Peyğəmbərin bu möcüzələri “Allahın icazəsi ilə” həyata keçirdiyi xəbər verilir:
“Xatırla ki, o gün Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışdırdım. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq möcüzələrlə gəldiyin zaman Mən onların bəlasını səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”” (“Maidə” surəsi, 110).
Məryəmə və İsa Peyğəmbərə tanrılıq məqamı “verən” bütün iddialar Qur’an ayələri ilə aradan qaldırılıb. Bunlardan biri də “Maidə” surəsindədir:
“Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak bir qadın idi. Onların hər ikisi yemək yeyirdi. Gör Biz ayələri onlara necə başa salırıq, onlar gör necə üz çevirirlər?” (“Maidə” surəsi, 75).
Ayədə onların xüsusilə də yemək yemələrindən bəhs edilməsi çox hikmətlidir. Çünki yemək, acmaq, susamaq, yatmaq ehtiyacı hiss etmək canlılara xas olan xüsusiyyətlərdir və onların acizliyini ifadə edir. Haqqında bəhs edilən bütün bəşəri xüsusiyyətlərə malik olan İsa Peyğəmbər üçün “uluhiyyət” (“tanrılıq”) iddiasında olmaq isə son dərəcə böyük səhvdir. Mülkün sahibi olan Rəbbimiz Özünün Rəzzaq sifəti ilə bütün canlıları ruziləndirir, onlara nemətlər bağışlayır. O, heç bir şeyə və heç kimə möhtac olmayandır. Ancaq bütün canlılar var olmaq və öz varlıqlarını davam etdirə bilmək üçün Rəbbimizə möhtacdırlar.
Məryəmin və İsa Peyğəmbərin yemək yemələrinə diqqət çəkilməsinin başqa bir hikməti də ayələrdə İbrahim Peyğəmbərə insan surətində gələn mələk elçilər haqqında verilmiş məlumat ola bilər (ən doğrusunu Allah bilir). Ayələrdə həmin elçilərin “yemək yeməməsinə” diqqət cəlb edilib:
“İbrahimin möhtərəm qonaqlarının söhbəti sənə gəlib çatdımı? Onlar İbrahimin yanına gəlib salam verdikdə o, salamı alıb: “Bunlar tanımadığın kimsələrdir!” - dedi. O ailəsinin yanına getdi və bir buzov gətirdi. Onu qabaqlarına qoyub: “Bəlkə, yeyəsiniz!” - dedi. Qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə qorxuya düşdü. Onlar: “Qorxma!” - dedilər və ona çox bilikli bir oğlan uşağı ilə müYdə verdilər” (“Zariyat” surəsi, 24-28).
“Həqiqətən, elçilərimiz İbrahimin yanına müYdə ilə gəlib: “Salam!” - dedilər. İbrahim də: “Salam!” - deyə cavab verdi və dərhal qızarmış bir buzov gətirdi. Qonaqların əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: “Qorxma, biz Lut tayfasına göndərilmişik!”” (“Hud” surəsi, 69-70).
Allah İsa Peyğəmbəri tanrı hesab edən üçləmə iddiası tərəfdarlarına ayələrdə çox fərqli şəkillərdə xəbərdarlıq edir. Bu ayələrdən bəziləri belədir:
““Allah Məryəm oğlu Məsihdir”, - deyənlər, şübhəsiz ki, kafir oldular. Onlara de: “Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir!” (“Maidə” surəsi, 17).
İsa Peyğəmbər da Allahın yaratdığı aciz və möhtac bəndələrdən biridir, Allahın çox sevdiyi, şərəfləndirdiyi, seçdiyi bir insandır, amma son nəticədə yenə də Allahın bir quludur, bəndəsidir. İsa Peyğəmbəri tanrılaşdıranlar üçün Qur’anda belə bir buyruq var:
“Şübhəsiz ki: “Allah Məryəm oğlu Məsihdir!” - deyənlər kafir oldular. Halbuki Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, cəənnəti haram edər. Onun düşəcəyi yer cəhənnəmdir. Zalimlərin heç bir köməkçisi yoxdur!” “Allah üçün (üç ilahinin) üçüncüsüdür!” - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir. Məgər onlar Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər?
Axı Allah bağışlayandır, rəhm edəndir!” (“Maidə” surəsi, 72-74).
Ayədə də bildirildiyi kimi, Rəbbimiz bütün varlıqlar üzərində yeganə hökm sahibidir. O, bir şey istəyəndə bunu təxirə sala və ya rədd edə biləcək başqa bir güc yoxdur. Allahdan başqa tanrıların olduğunu söyləyən “Allah Özünə övlad götürdü” deyənlər üçün Qur’anda belə buyrulur:
“Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” - deyə vəhy etməyək. Onlar: “Rəhman övlad götürdü!” -dedilər. O, pak və müqəddəsdir! Xeyr, (mələklər) möhtərəm qullardır. Ondan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər. Allah onların öndəkilərini də, arxalarındakını da bilir. Onlar yalnız Allahın razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar. Onlardan hər kəs; “Mən Ondan başqa bir tanrıyam!” - desə, onu cəhənnəmlə cəzalandırarıq. Biz zalimlərə belə cəza veririk” (“Ənbiya” surəsi, 25- 29).
İsa Peyğəmbər Allahın oğlu deyil, Onun peyğəmbəridir
Qur’anda İsa Peyğəmbərin anadan olması, həyatı boyunca onun başına gələn hadisələr, ailəsi, ətrafındakı insanların vəziyyəti və s. bu kimi çoxlu sayda məsələdən bəhs edilib. Qur’anda İsa Peyğəmbər bizə “Allahın peyğəmbəri Məryəm oğlu İsa Məsih” kimi tanıdılır. Məsələn, “Ali-İmran” surəsində İsa Peyğəmbərin özünün göndərilməsinin səbəbini İsrail oğullarına belə izah etdiyi bildirilir:
“Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!” (“Ali-İmran” surəsi, 50-51).
İsa Peyğəmbərin bu dəvətinə az sayda həvari tabe olub. Qur’anda bu səmimi insanlardan belə bəhs edilir:
“…Həvarilər dedilər: “Bizik Allahın köməkçiləri! Biz Allaha inandıq. Sən də təslim olduğumuza şahid ol! Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbərinə tabe olduq. Artıq bizləri şahid olanlarla bir yerdə yaz!”” (“Ali-İmran” surəsi, 52-53).
Qarışıqlıq və ixtilaf içində olan bir xalqa hidayət rəhbəri olaraq göndərilən İsa Peyğəmbər həyatı boyunca ətrafındakı insanları Allaha səmimi şəkildə iman gətirməyə və təslim olmağa çağırıb. Bununla yanaşı, Qur’an ayələrindən aydın olur ki, İsa Peyğəmbər öz dinləri məsələsində ixtilaf içində olanlara yol göstərib. İncildə qeyd edilən bəzi ifadələrdən İsa Peyğəmbərin ilk öncə ikiüzlü, qeyri-səmimi din adamlarını, dindar cildinə girib xalqı aldadanları özlərinin bu əməllərindən əl çəkməyə, Allaha iman gətirməyə dəvət etdiyi aydın olur. Allah Qur’anda belə bildirir:
“İsa aşkar möcüzələrlə gəldiyi zaman dedi: “Həqiqətən, mən sizə hikmətlə, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!” (“Zuxruf” surəsi, 63).
İsa Peyğəmbər da bütün peyğəmbərlər kimi əxlaqi tənəzzülü və dinsizliyi hədəf seçdi, insanların yol verdiyi bütün ədalətsizlikləri, haqsızlıqları, əxlaqsızlıqları və batil dinlərini tərk etmələrini, Allahın istədiyi əxlaqla və ancaq Allahın razılığını qazanmaq üçün yaşamalarını istədi.
İsa Peyğəmbər insanlara Allah qorxusunu, Allahı sevməyi, Allaha təslim olmağı nəsihət edir, onların batil qaydalardan, mənasız ənənələrdən uzaqlaşmalarını, yalnız Allaha ibadət edib etdikləri hər işdə Allaha üz tutmalarını əmr edirdi.
Göstərdiyi möcüzələr isə onun Allahın seçib bəyəndiyi, elm və qüdrəti ilə dəstəklədiyi çox qiymətli bir elçisi olduğunu açıq şəkildə göstərir. Onun iman dərinliyi, yüksək əxlaqı, üstün idrak qabiliyyəti və hikmətli açıqlamaları insanlarda böyük heyranlığa səbəb olurdu.
İsa Peyğəmbər ona qarşı qurulan bütün hiylələrə, ona atılan böhtanlara və ona edilən hücumlara qarşı çox üstün səbr göstərdi, Allaha təvəkkül edib təbliğinə davam etdi. Bu vaxt isə yanında çox az köməkçisi var idi. O, dini öz əslinə qaytarmaq, onu xurafatlardan və batil metodlardan təmizləmək üçün böyük səylər göstərdi. Rəbbimizin ona bəxş etdiyi üstün qavrayış və hikmət sayəsində İsrail oğullarına çox təsirli sözlər dedi və hikmətli misallar verdi.
İsa Peyğəmbər Tövratı təsdiq etmiş, Allahın insanlara bir rəhbər və nəsihət üçün göndərdiyi İncillə hökm etmişdi:
“Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiq edən kimi göndərdik. Ona içində haqq yol və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik. İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır” (“Maidə” surəsi, 46-47).
İsa Peyğəmbərin bu dəvətinə cavab verənlərin sayı ilk öncə çox az idi. Çünki bu çağırış həm güzəranını mövhumat, xurafatlar və ənənələr hesabına təmin edən rahib təbəqəsinin, həm də Allahın hakimiyyətini qəbul etməyən dövlət adamlarının imtiyazlarını aradan qaldırırdı. İsa Peyğəmbərin təbliği yayılmağa, onun ardınca gedənlərin sayı çoxalmağa başlayanda onların qurduqları tələlər də, İsa Peyğəmbərə mane olmaq üçün hazırladıqları planlar da çoxaldı. Tarix boyunca bütün peyğəmbərlər bu cür tələlərə məruz qalıblar. Müşriklərin elçilərə münasibətdə göstərdiyi bu qeyri-insani davranışlar Qur’anda belə bildirilir:
“…Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz” (“Bəqərə” surəsi, 87).
Cəmiyyətdə İsa Peyğəmbərə qulaq asıb ona inananlarla onu inkar edənlər ayrılmağa başlamış, iki qrup arasındakı fərqlər aydın şəkildə ortaya çıxmışdı. Bir tərəfdə həqiqi dinə dəvət edən və insanları Allaha iman gətirməyə çağıran Allahın elçisi, digər tərəfdə isə hansı möcüzəni, hansı dəlili görsə də inanmamağa qərar verən bir qrup var idi. İsa Peyğəmbərin düşmənləri özlərini açıq şəkildə büruzə verirdilər. Ona tabe olan, yanından ayrılmayan insanlardan da sonralar onu inkar edənlər olub. Allah bu vəziyyəti bizə “Onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü…” (“Zuxruf” surəsi, 65) ayəsi ilə xəbər verir. Buna görə də İsa Peyğəmbər öz qövmünün arasından iman gətirən və etibar edə biləcəyi adamları seçib müəyyənləşdirmişdi. Bu məsələ Qur’anda belə bildirilir:
“İsa onların küfrünü hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?!” - deyə soruşdu. Həvarilər dedilər: “Bizik Allahın köməkçiləri! Biz Allaha inandıq. Sən də təslim olduğumuza şahid ol!”” (“Ali-İmran” surəsi, 52).
Qur’anda inkarçıların İsa Peyğəmbəri öldürmək məqsədilə tələ qurduqları xəbər verilir. İncilə görə, İsa Peyğəmbərin yanındakı adamlardan birinin xəyanət etməsinə nail olan bəzi qudurğan din adamları Allahın elçisini tutdurub romalılara vermək istəyirdilər. Yenə eyni mənbəyə görə, ölüm cəzasını tətbiq etməyə səlahiyyətləri çatmayan rahiblər Romanın dövlət adamlarını qızışdırmaq üçün bir plan hazırlamışdılar. Onlar romalıların bu məsələdə çox həssas və mərhəmətsiz olduğunu bildikləri üçün İsa Peyğəmbəri romalı idarəçilərə qarşı çıxan bir şəxs kimi tanıtmışdılar. Bu məkrli planın nəticəsi Qur’anda belə bildirilir:
“Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah hiyləgərlərdən tədbirlidir” (“Ali- İmran” surəsi, 54).
Ayələrdə də bildirildiyi kimi, inkarçılar İsa Peyğəmbəri öldürmək üçün fəaliyyətə başlamış və hər cür hiyləyə əl atmışdılar. Ancaq bu adamlar İsa Peyğəmbəri öldürə bilmədilər, onun bir oxşarını İsa Peyğəmbər zənn edərək öldürdülər. Allah İsa Peyğəmbəri Öz dərgahına yüksəldərək hazırlanan məkrli planları alt-üst etdi. Halbuki romalıların İsa Peyğəmbəri çarmıxa çəkərək öldürdükləri inamı xristianlığın əsasını təşkil edir. Bu səhv inanca görə, İsa Peyğəmbəri tutan romalılar və yəhudi din adamları ona çarmıxa çəkib və beləliklə, onu öldürüblər. Xristianların əksəriyyəti hadisənin bu cür baş verdiyini qəbul edir, ancaq onlar çarmıxa çəkilərək öldürülən İsa Peyğəmbərin yenidən dirilərək göyə yüksəldiyinə inanırlar. Ancaq Qur’ana nəzər yetirəndə hadisənin əslinin belə olmadığını görürük:
“Və: “Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, - dediklərinə görə onlara belə cəza verdik. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara yalnız oxşarı göstərildi. Bu haqlı ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişlər” (“Nisa” surəsi, 157).
Həmin ayənin axırında İsa Peyğəmbərin vəziyyəti belə bildirilir:
“Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır (rəfəa). Şübhəsiz, Allah qüvvət, hikmət sahibidir!” (“Nisa” surəsi, 158).
Ayədə bildirilən həqiqət birmənalıdır. Yəhudilərin qızışdırması nəticəsində İsa Peyğəmbəri öldürməyə çalışan romalılar buna nail ola bilməyiblər. Ayədə qeyd edilən “…Onlara yalnız oxşarı göstərildi…” ifadəsi bu məsələni açıq-aşkar xəbər verir. Allah insanlara İsa Peyğəmbərin oxşarını göstərmiş və İsa Peyğəmbəri da Öz dərgahına yüksəltmişdir. Bundan başqa, Rəbbimiz bu iddiada olanların həqiqətlə bağlı bir məlumatlarının olmadığını da bildirir (Daha müfəssəl məlumat almaq üçün Harun Yəhyanın “İsa Peyğəmbər ölməyib” adlı kitabına baxa bilərsiniz).
İsa Peyğəmbərin çarmıxa çəkilməsi məsələsi ilə bağlı ilk dövrlərdə müxtəlif fikirlər ortaya atılmışdı. Bəzi xristian məzhəblərinin eynilə Qur’anda bildirildiyi kimi, İsa Peyğəmbərin çarmıxa çəkilmədiyinə inandıqları məlumdur.
İsa Peyğəmbərin Qur’an ayələrində bəhs edilən həyatından, təbliğindən, dualarından onun Allahın peyğəmbəri olduğu bütün aydınlığı ilə görünür. İsa Peyğəmbər Allahın insanları xəbərdar etmək üçün göndərdiyi hidayət rəhbəridir. Həmçinin “Məryəm” surəsində qeyd edilən “İsa dedi: “Mən həqiqətən Allahın quluyam. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi”” (“Məryəm” surəsi, 30) şəklindəki ayə bu məsələni də açıq-aşkar göstərir. “Səff” surəsində belə bildirilir: “Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müYdə verən Allahın elçisiyəm!” Lakin o, aşkar möcüzələrlə gəldikdə onlar: “Bu, açıq-aydın sehrdir!” - dedilər” (“Səff” surəsi, 6).
Başqa bir Qur’an ayəsində isə belə deyilir:
“Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə qul olun!” - desin. Əksinə, o: “Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!” - deyər” (“Ali-İmran” surəsi, 79).
İsa Peyğəmbərin ölmədiyi və öldürülmədiyi, Allahın dərgahına yüksəldildiyi və yer üzünə ikinci dəfə gələcəyi Qur’an ayələrində və Peyğəmbərimizin hədislərində çox açıq şəkildə bildirilib. Allah Rəsulunun hədislərində İsa Peyğəmbərin gəlişi ilə bağlı çoxlu əlamət bildirib.

