Allah Quranda müsəlmanların peyğəmbərimiz Məhəmmədə və ondan əvvəl göndərilmiş bütün peyğəmbərlərə və bu peyğəmbərlərə endirilənlərə iman etdiklərini bildirir. Bəqərə surəsinin 4-cü ayəsində Rəbbimiz müsəlmanlar üçün; “və onlar sənə endirilənə, səndən əvvəl endirilənlərə iman edərlər…”—deyə buyurur.
Quranda bildirildiyi kimi İncil, Tövrat, Zəbur və İbrahim Peyğəmbərin səhifələri keçmişdə yaşamış peyğəmbərlərə göndərilmiş kitablardır. Bu kitabların bir qismi yox olmuş, bir qismi də təhrif olmuş və ya dəyişdirilmişdir. Lakin içlərində haqq dinə aid bir çox doğru izaha da rast gəlinir. Müsəlmanlar bu kitabları Qurana görə qiymətləndirib, ayələrə və hədislərə uyğun olan izahların doğru olduğuna hüsnü zənn edərlər. Buna görə Qurana uyğun Tövrat və İncil izahları müsəlmanların istifadə edə biləcəkləri izahlardır. Ancaq əsas şərt bu izahların Quran ayələrinə və hədislərə uyğun olmalarıdır.
Allah bu kitabların göndərildikləri dövrdə insanlar üçün yol göstərici olduqlarını bildirmişdir. Ayələrdə belə buyurulur:
O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün… (Ali İmran surəsi, 3-4)
Digər ayələrdə İncillə əlaqədar Rəbbimiz bu şəkildə bildirir:
Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanunları əsasında hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir. (Maidə surəsi, 46-47)
Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)
Oxuduğumuz bu kitabda da İncildə yer alan izahlardan pozulmuş qisimlər yazıya alınmamış, yalnız Qurana və Peyğəmbərimizin hədislərinə uyğun izahlardan istifadə edilmişdir.

